İran Ərdoğanın Novruzla bağlı açıqlamasına cavab verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruzla bağlı açıqlamasına cavab verib.
Bəqayi X sosial media platformasındakı paylaşımında qeyd edib ki, Türkiyə prezidenti Ərdoğanın “Novruz türkdilli xalqların da bayramıdır və onların həmrəyliyini gücləndirir” sözləri Novruzun yüksək mesajının dərinliyini və zənginliyini göstərir.
Bəqayi deyib: "Novruz İran sivilizasiyasında qədim köklərə malikdir və tarix boyu İran yaylasında qeyd olunub. Zaman keçdikcə bu səadətli bayram müxtəlif xalqlar arasında yayılıb və bu gün bir çox xalqların ortaq mədəni irsi kimi, dostluq, sülh və həmrəylik simvoluna çevrilib".
Bəqayi əlavə edib: "Biz fəxr edirik ki, İran Novruzu özünün yüksək insani və mədəni mesajı sayəsində indi türklər, ərəblər, kürdlər, bəluclar, türkmənlər, özbəklər və başqaları da daxil olmaqla bir çox millətlər və etnik qruplar tərəfindən qeyd olunur”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı tədbirində çıxışı zamanı deyib: "21 Mart Novruz, türk dünyasının ortaq anma və qeyd etmə günü olacaq və beləliklə də birliyimizə, bərabərliyimizə və həmrəyliyimizə xidmət edəcək".