İran Cənubi Qafqazda sülhün bərqərarını alqışlayır
Təxt-Rəvançi: Bakıya dəstək verməyə hazırıq
İran İslam Respublikası xarici işlər nazirinin müavini bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması iki ölkə və region üçün çox vacibdir.
Məcid Təxt-Rəvançi deyib: “Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasının tamamlanmasını eşitdikdə çox sevindik, çünki illər boyu qan və düşmənçilikdən sonra artıq iki ölkənin diqqətini gələcəkdə iki millətin inkişafına yönəltmək vaxtıdır”.
İranlı rəsmi əlavə edib: “Biz onların işlərinə müdaxilə etmək istəmirik. Özləri qərar verməlidirlər, amma bizim qiymətləndirməmizə görə, nə qədər tez bu sənəd imzalansa, o qədər yaxşı olar, çünki keçmiş keçmişdə qalır, biz gələcəyə fokuslanmalıyıq. Biz hər iki millətin inkişafına dəstək verməyə hazırıq. İran həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətləri olan bir ölkə olaraq bu sazişin imzalanması üçün lazım olan bütün işləri görməyə hazırdır. Biz hesab edirik ki, hər iki ölkə bu fürsətdən istifadə etməlidir. Sənəd hazır olduğu mərhələdə, onu imzalamaq və gələcəyə doğru irəliləmək daha yaxşıdır”.
Təxt-Rəvançi sonda qeyd edib ki, müharibənin və münaqişənin bu regiona qayıtmasına imkan verməməliyik.