Apr 17, 2025 18:53 Asia/Baku
  • Qrossi: İranla danışıqların səmərəli olması üçün müsbət perspektiv görürəm

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru hazırki həssas mərhələyə toxunaraq, İran-ABŞ danışıqlarının müsbət yekunlaşacağına ümid etdiyini bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə görüşdən və İranın nüvə nailiyyətləri sərgisini ziyarət etdikdən sonra jurnalistlərin qarşısında deyib: "İranın nüvə nailiyyətləri və elmi layihələri, xüsusilə də enerji, səhiyyə və müalicə sahəsindəki nailiyyətləri, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün bizə lazım olan şeydir. İranın nüvə nailiyyətləri məni heyran etdi, Bu nailiyyətləri əks etdirməyimiz çox vacibdir". 

Qrossi davam edib: "Bütün ölkələrin sağlamlıq və müalicə sahəsində dinc nüvə enerjisindən istifadə etməsi zəruridir. Lakin, Agentliyin missiyası nüvə silahlarının yayılmamasıdır və böyük əhəmiyyət kəsb edir".

Qrossi qeyd edib ki, ölkələr nüvə texnologiyasından məhdudiyyətsiz istifadə etməlidirlər. Eyni zamanda, onlar texnologiyanın dinc məqsədlər üçün istifadə ediləcəyinə inam yaratmalıdırlar. Məhz buna görə də Beynəlxalq Atom Enerjisi Agentliyi bütün ölkələr tərəfindən nüvə texnologiyasının dinc məqsədlər üçün istifadə olunmasına zəmanət vermək üçün yaradılıb.

O, əlavə edib: "Texnologiya sahəsində əldə edilən hər hansı razılaşma etibarlı və yoxlanıla bilən olmalıdır  və bu, Agentliklə şəffaf əməkdaşlıq yolu mümkündür".

Qrossi İranın nüvə proqramının monitorinqi sahəsində Atom Enerjisi Agentliyinin son nailiyyətlərinə toxunaraq, deyib: "Agentlik lazımi monitorinqləri həyata keçirə bilib və İranın həmkarlığı ilə İranın nüvə proqramının dinc məqsədli şəkildə davam edəcəyinə əmin olmuşuq. Bu nailiyyətlər davamlı razılaşmaların əldə edilməsi yolunda mühüm addımlar olubdur".

Qrossi İran və ABŞ arasındakı danışıqların çox kritik və mühüm mərhələdə olduğunu vurğulayıb və deyib: "Razılaşmaya nail olmaq mümkündür, əlbəttə bzi bilirik ki, bu asan olmayacaq, düşünürəm ki, danışıqlar müsbət yekunlaşacaq və indi həm İran, həm də ABŞ üçün yaxşı razılaşma əldə etmək üçün bütün siqnallar var".

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi aprelin 16-da İrana səfər edib və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb.