Avq 13, 2025 12:26 Asia/Baku
  • İran bütün şəraitdə Livanın yanında olacaq

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bildirib ki, Tehran həmişə Livanın milli maraqlarının reallaşmasına çalışıb. Livan xalqının əziyyəti İran xalqının əziyyətidir və Tehran hər şəraitdə Livan xalqının yanında olacaq.

Əli Laricani bu sözləri çərşənbə günü Livanın paytaxtı Beyruta çatdıqdan sonra deyib. 

Laricani əlavə edib: "İran və Livanın hər ikisi dərin sivilizasiyaya malikdir və əsrlər boyu iki xalq arasında həmişə sıx əlaqələr olub. Bu mədəni əlaqə iki ölkə xalqı arasında xüsusi bağlılıq yaradıb və əgər Livan xalqı əziyyət çəkirsə, İran xalqı da bu ağrını hiss edəcək". 

“Biz hər şəraitdə əziz Livan xalqının yanında olacağıq”, - deyə o, vurğuıayıb. 

Qeyd edək ki, İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani Livan rəsmiləri ilə danışıqlar aparmaq üçün çərşənbə günü səhər Beyruta gedib. 

Səfər zamanı İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisinin Livanda prezident, baş nazir və digər tanınmış siyasi xadimlər də daxil olmaqla, əsas fiqurlarla görüşləri planlaşdırılır.

Laricani regional səfərinə bazar ertəsi Bağdada səfərlə başlayıb. Orada o, iraqlı həmkarı ilə əsas təhlükəsizlik sazişi imzalayıb.