Dek 08, 2025 14:42 Asia/Baku
  • Türkiyə İrana yönəlik regional siyasətini dəyişir - TƏHLİL

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 30-da Tehrana rəsmi səfərə gəldi. Onun bölgədə vəziyyətin son dərəcə həssas olduğu bir zamanda İrana səfəri şübhəsiz, mühüm və mənalı bir səfər hesab olunur

Son 20 ilin Türkiyədə təhlükəsizlik arxitekturasının memarı sayılan və hazırda ölkənin xarici işlər naziri vəzifəsini icra edən Hakan Fidanın İrana səfəri mühüm mesajlar daşıyır. Səfərin əsas mövzusu iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının artırılması kimi göstərilsə də, Fidanın Tehrandakı görüşlərinin ən vacib mövzularından birinin Suriya mövzusu olduğu şübhəsizdir. Xüsusilə sionist rejimin Suriyada son aylarda intensivləşən hücumları Türkiyəni narahat etməyə bilməz.

Bu baxımdan, Türkiyənin xarici işlər naziri İrana səfəri zamanı Suriyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində Tehranla yeni əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsini istəyib. Belə bir çərçivə iki ölkənin sionist rejimin bölgədəki hegemonluq cəhdlərinə qarşı yeni birgə strategiyası kimi də dəyərləndirilə bilər.

Görünən budur ki, Ankara Əsədin devrilməsi ilə Suriyada gözlədiyi “tam qələbə”yə nail olmayıb və Suriya oyunu əvvəlcədən düşündüyündən daha mürəkkəbdir. Müşahidələrə görə, sionist İsrailin artan müdaxiləsi, ABŞ-ın ziddiyyətli siyasətləri və kürd qruplarının davam edən fəaliyyəti Türkiyənin planlarını çətinləşdirib. Bu səbəbdən, Ankara İranla əməkdaşlığı yenidən gündəmə gətirir və Tehranı regional təhlükəsizlik arxitekturasında mühüm tərəfdaş kimi qiymətləndirir.

Ankara hesab edir ki, İran İslam Respublikası Suriyanın ərazi bütövlüyünün ən ardıcıl müdafiəçilərindən biridir və onun parçalanmasına qarşıdır.

Digər tərəfdən, kürd separatizminə qarşı həm Tehran, həm də Ankara eyni mövqedədir. Bununla yanaşı türklər başa düşürlər ki, İranın Suriyada bəzi yerli qruplar üzərində nüfuzu hələ də əhəmiyyətlidir.

Bu səbəbdən, Türkiyə İrandan həm təhlükəsizlik, həm də siyasi stabillik baxımından faydalanmaq istəyir.