İran ABŞ-yə məxsus ikinci sualtı aparatın ələ keçirildiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında casusluq fəaliyyəti həyata keçirən ABŞ-yə məxsus ikinci bir sualtı aparatın ələ keçirildiyini açıqlayıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən yayılan bəyanatda qeyd olunub ki, bu qüvvələrin döyüşçüləri "koordinasiyalı və mürəkkəb bir əməliyyat" nəticəsində Hörmüz boğazında ABŞ-yə məxsus avtonom sualtı aparatı aşkar edərək, ələ keçiriblər.Məlumata əsasən, ələ keçirilən aparat "REMUS 600" tipinə aid ağıllı və qabaqcıl texnologiyalı pilotsuz sualtı aparatıdır və dənizaltı mina təmizləmə və kəşfiyyat əməliyyatları üçün hazırlanıb.SEPAH bildirib ki, hazırda bu aparat SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin mütəxəssislərinin əlindədir və onun tərkibindəki məlumatların bərpası və təhlili aparılacaq. İran daha əvvəl, sentyabrın 8-də Hörmüz boğazının girişində ABŞ-a məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini elan etmişdi.SEPAH-ın Hərbi Dəniz Qüvvələri, həmçinin bildirib ki, Hörmüz boğazı bağlıdır və bu boğazdakı "təhlükəli hərəkətlərə və qeyri-qanuni marşrutlarla icazəsiz keçidlərə" qarşı qətiyyətlə və fasiləsiz şəkildə mübarizə aparır.