Pezeşkian İrəvan Sammitində:
"Müharibə ekoloji soyqırımdır"
İran İslam Respublikası prezidenti İrəvandakı sammitdə çıxışı zamanı bildirib ki, "Biomüxtəlifliyin qorunması "sülh diplomatiyası" üçün ən mühüm sahələrdən biri ola bilər".
İran prezidenti Məsud Pezeşkian İrəvanda keçirilən Biomüxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası çərçivəsində liderlərin sammitində çıxış edərkən, müharibəni təkcə insanlar və infrastruktur üçün bir təhlükə kimi deyil, həm də təbiətin məhv edilməsinin birbaşa səbəbkarı kimi xarakterizə edib. O qeyd edib: "Müharibə meşələri yandırır, bataqlıq əraziləri məhv edir, torpağı və suyu çirkləndirir, heyvan növlərini isə yaşayış yerlərindən didərgin salır".Prezident Pezeşkian ətraf mühit sahəsində əməkdaşlığı xalqlar arasında bir körpü kimi səciyyələndirərək, vurğulayıb: "Biz inanırıq ki, biomüxtəlifliyin qorunması "sülh diplomatiyası"nın əsas sütunlarından biri ola bilər. Müxtəlif güclərin qanunsuz və ekspansionist mövcudluğundan qaynaqlanan təhlükəsizlik böhranları, eləcə də iqlim dəyişikliyi, su qıtlığı və ekosistemlərin çökməsi ilə üzləşən bir regionda ətraf mühit məsələləri üzrə əməkdaşlıq xalqlar arasında körpü rolunu oynaya bilər. Bu körpü hamı üçün sülh və təhlükəsizliyə yol açır, təbiətlə barışığı və təbii aləmlə harmoniyada yaşanan bir gələcəyi təşviq edir".