Eyyub Hüseynov: Qiymətlər göstərilən xidmətlərə uyğun gəlmir
İyul 06, 2015 13:09 Asia/Baku
Azərbaycan Respublikası təbiəti turizmin inkişafı üçün əlverişli imkan yaratsa da, bu imkandan əhalinin bütün kateqoriyası yararlana bilmir. Çünki ölkədaxili turizm obyektlərində xidmət olduqca bahadır və təbii ki, belə böyük qiymət qarşılığında ölkə əhalisi xaricə turizm səfərinə getməyi daha uyğun sayır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, əslində, turizm sektorunda qiymətləri bazar müəyyən etməli olsa da, haqsız rəqabət bu işi əngəlləyir.Qurum sədrinə görə turizm obyekti açan şəxsin obyektinə gecə reydləri keçirilməsi və cürbəcür üsullarla nöqsanlar aşkarlanması nəticəsində kiçik turizm obyektlərini bağlayırlar:
“Bu faktları bizim quruma daxil olan informasiyalar əsasında deyirəm. Pasport rejiminin yoxlanması da buna aiddir.Ölkəmizdə turizm üçün alınan qiymətlər göstərilən xidmətlərə uyğun gəlmir və çox bahadır. Buna isə nəzarət edən yoxdur. Belə bir bazar ölkədə təəssüf ki, inkişaf etməyib və yaxın gələcəkdə də inkişaf edəcəyini gözləmirəm” - Eyyub Hüseynov belə deyib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Azərbaycanda turizm obyektlərində qiymətlərin digər ölkələrlə müqayisədə yüksək olması ilə bağlı qeyd edib ki, onlar bu məsələyə birbaşa müdaxilə edə bilmirlər: “Qiyməti bazar formalaşdırır. Hər hansı dövlət qurumu və ya təşkilat bu qiymətləri formalaşdıra, qiymətə birbaşa müdaxilə və ya hər hansı nəzarət həyata keçirə bilməz. Lakin turizm obyektlərinin rəhbərlərinə müəyyən tövsiyələr verilir”.