Azərbaycan XİN Ermənistan XİN-nin keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına cavab verib
Azərbaycan Xarixi İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına münasibət bildirərək bunu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının sadəcə işğal olunan ərazilərə məhdudlaşmadığının göstəricisi olduğunu bildirib.
SaharAzeri APA-ya istinadla xəbər verir, L. Abdullayeva deyib ki, Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilmiş, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılıb.
XİN rəsmisi deyib: “Ümumilikdə Ermənistan XİN-in son bəyanatı onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəldilib. Onların bunu bilərəkdən, yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırda açıq-aydın təklikdə qaldıqları üçün çıxılmaz vəziyyətdən irəli gələrək etdiklərini söyləmək çətindir. Məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın”.