İyul 30, 2020 14:26 Asia/Baku
  •  AXCP üzvlərinin azad edilməsi üçün Ə.Kərimli istefa verməyə və hətta həbs edilməyə hazırdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bəyanatla çıxış edərək, ölkə hakimiyyətini bu müxalif təşkilatın üzvlərinə qarşı repressiyalara görə qınayıb.

SəhərAzəri Turan-a istinadla xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hakimiyyətə həbsdə saxlanılan AXCP fəallarının azad edilməsi müqabilində onun özünü həbs etməyi təklif edib. Kərimli həbs edilənlərin azad edilməsi üçün başqa bir şərt kimi partiya sədri vəzifəsindən istefa verməyi və partiyanın payızda keçiriləcək qurultayında bu vəzifəyə namizədliyini irəli sürməməyi təklif edib.

Kərimli öz bəyanatını iyulun 29-da axşam "Osmanqızı TV" internet televiziyasının efirinə telefonla bağlanaraq səsləndirib.

O, əvvəlcə qeyd edib ki, iyulun 14-15-də keçirilən "Qarabağ aksiyası" ilə əlaqədar 40-a yaxın AXCP üzvü saxlanılıb. Onların 14-ü cinayət ittihamı ilə, 13-ü inzibati qaydada həbs edilib. Daha 10 AXCP üzvü uzun müddətdir siyasi məhbusdur.

Kərimlinin sözlərinə görə, həbs edilmiş AXCP üzvlərinin əksəriyyəti ümumiyyətlə 14-15 iyul aksiyasında iştirak etməyib. İştirak edənlər isə qanunsuz əməl törətməyib, siyasi tələblər irəli sürməyib. O, fəallara qarşı ittihamları yalan adlandırıb.

Kərimli qeyd edib ki, Tovuzda hərbi əməliyyatlar başladıqdan dərhal sonra AXCP və Demokratik Qüvvələrin Milli Şurası siyasi mübarizəni dayandırdıqlarını və orduya və dövlətə dəstək verdiklərini bəyan ediblər.

"Problem məndədirsə, repressiyalara son qoyun, məni həbs edin, amma bütün həbs edilmiş AXCP üzvlərini azad edin. Sonuncu hadisələrlə bağlı həbs edilənləri, bütün siyasi məhbusları azad edin, AXCP-nin normal fəaliyyəti üçün şərait yaradın və mən istefa verəcəyəm və partiyanın payızda keçiriləcək qurultayında da yenidən partiya sədri vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm", deyə Kərimli bildirib.

Teqlər

Şərhlər