Avq 11, 2021 19:48 Asia/Baku
  • Səfirə “nota” verilməyib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmayıb, dəvət olunub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Bakıdakı Səfirliyinə yaxın mənbə redaksiyamıza bildirib ki, səfir Seyid Abbas Musəvinin Azərbaycan XİN-ə çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Mənbəyin sözlərinə görə, əvvəlcədən planlaşdırılmış görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Seyid İbrahim Rəisinin prezident seçilməsi münasibətilə iranlı diplomatı təbrik edib, iki dost və qonşu ölkə arasında strateji səviyyəyə çatmış əlaqələrin daha da dərinləşməsini arzulamışdır.

Məlumata əsasən, görüş əsnasında İrana məxsus yük maşınlarının Azərbaycan dövlətindən icazəsiz Ermənistandan Xankəndiyə  giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub, İran səfiri isə bu iradlara cavab olaraq lazımi izahatı verib, diplomata nota verilməsi isə yalandır.

Qeyd edək ki, son günlər Azərbaycan Milli Məclisinin Tehrana səfəri zamanı keçirilən əhəmiyyətli görüşləri kölgə altında qoymaq istəyən qüvvələrin cəhdi boşa çıxdıqda, onlar media təbliğatlarına başqa süjetlər axtarırlar. Məqsəd əlaqələrin inkişaf tempini əngəlləməkdir.

Bəzi müşahidəçilər isə bildirirlər ki, hansısa özəl şirkətin avtomobillərinin istiqamətinin Qarabağa dəyişdirilməsi birbaşa erməni-rus siyasətinin parametrlərinə daxildir və onlar bu yolla bir tərəfdən Azərbaycan-İran əlaqələrini pozmağa çalışırlar, başqa tərəfdən isə diqqətləri Rusiyanın erməni hərbi birləşmələrinin sürətlə Qarabağda yerləşdirilməsindən yayındırmaq istəyirlər. Ona görə də media bu gerçəklikləri nəzərə almalıdır.   

 

Teqlər