“Dəniz kuboku” müsabiqəsində hava hədəfləri vurulub
“Dəniz kuboku" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.
Bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra həmin hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.
Hərbi dənizçilər tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiribər.
Avqustun 25-də İran İslam Respublikasının Xəzər sahilində yerləşən Ənzəli limanında start götürmüş "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində İran, Azərbaycan Respublikası, Rusiya və Qazaxıstan iştirak edir.
İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Həmzə Kavyani "Dəniz kuboku" müsabiqəsinin hərbi əməkdaşlığın, hərbçilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və peşəkarlığın daha da artırılması məqsədilə təşkil olunduğunu bildirmişdir.
Sentyabrın 4-dək davam edəcək müsabiqədə hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" mərhələlərində mübarizə aparılır.