Dek 12, 2021 10:57 Asia/Baku
  • Bəşir Süleymanlı: Fundamental azadlıqlar təmin edilmir

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Azərbaycanda fundamental azadlıqların təmin edilmədiyini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bəşir Süleymanlı Turan Xəbər Agentliyi ilə müsahibədə bildirib ki, Azərbaycanda müstəqillik əldə edildikdən sonra zaman-zaman siyasi fəaliyyətlə bağlı müəyyən məhdudiyyətlər olub. “Həm qanunvericilikdə, həm də praktiki fəaliyyətdə. Bunun müxtəlif səbəbləri var. Azərbaycanda totalitar cəmiyətdən demokratiyaya keçid olması, avtoritar düşüncənin mövcud olması, demokratik idarəçilik prinsiplərinin olmaması, qanunvericilik bazasının təkmilləşməməsi problemlərin yaranmasına gətirib çıxartdı, uzun illərdir bu proses davam edir və biz bu istiqamətdə ciddi irəliləyiş əldə etmədik”.

Ekspert qeyd edib ki, Azərbaycanda fundamental azadlıqlar təmin edilmir. “Siyasi azadlıqlar təmin edilmir, mülkiyyət, ədalətli mühakimə hüququ pozulur. Bütün bu proseslər davam edir və həll edilmir”.

Onun fikrincə, bunları aradan qaldırmaq üçün siyasi iradə lazımdır. “Siyasi iradə ortaya qoyulsa və hakimiyyət qərar versə ki, bütün proses, idarəçilik artıq demokratik prinsiplər əsasında qurulacaq, vətəndaş cəmiyyətinin iştirakçılığı təmin olunacaq, müstəqil siyasi partiyaların fəaliyətinə şərait yaradılacaq, onda biz bu istiqamətdə ciddi irəliləyiş görəcəyik”,-deyə hüquq müdafiəçisi vurğulayıb. 

Teqlər