Saleh Rüstəmlinin quru aclığa başladığı bildirilir
Siyasi məhbus sayılan Saleh Rüstəmli aclıq aksiyasının 38-ci günündə sudan da imtina edib. Bu barədə bazar ertəsi onun vəkili Bəhruz Bayramov bildirib.
SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə, Vəkil Dekabrın 13-də, Penitensiar Xidmətin müalicə müəssisəsində Rüstəmliyə baş çəkib.
Vəkilin sözlərinə görə, Rüstəmliylə ünsiyyət 3-4 dəqiqə davam edib.
"Saleh mənə dedi ki, artıq ağrılara dözə bilmir və əziyyətə son qoymaq üçün quru aclığa keçir", - vəkil deyib.
O, Rüstəmlinin həyatına görə narahatlığını bildirib, çünki quru aclıq komaya səbəb olacaq.
"Mən təkidlə xahiş etdim ki, sudan imtina etməsin, amma onun qərarı qətidir və quru aclığa başlayıb ", - vəkil deyib.
Siyasi məhbus Saleh Rüstəmli ona qarşı ittihamların saxta olduğunu bildirir və 7 il müddətinə azadlıqdan məhrum olunmasına etiraz edərək aclıq edir.
Hakimiyyət beynəlxalq və yerli ictimaiyyətin onu azad etmək tələbinə məhəl qoymur.