Qondarma "DQR"-nin təhsil naziri Azərbaycanı şərlədi
"Mədəni irsimizi məhv edirlər, mədəni soyqırım davam edir"
Qondarma "DQR"-nin təhsil naziri Azərbaycanı azad edilmiş ərazilərdə ermənilərə məxsus mədəniyyət abidələrini dağıtmaqda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, qondarma Dağlıq Qarabağ Respublikasının təhsil naziri Lusine Gharaxanyan işğaldan azad edilmiş ərazilərdə erməni mədəni irsinin qorunması məsələsinə toxunaraq iddia edib ki, guya dünya mədəni irsi təhlükə altındadır.
Separatçı rejimin nümayəndəsi vurğulayıb ki, azərbaycanlılar ermənilərin mədəni irsini məhv edirlər, mədəni soyqırım davam edir, bu mənəvi, mədəni quldurluqdur. Bu, müharibədən daha da pis terrordur, çünki onlar qanında olan şəxsiyyətinizi oğurlamaq istəyirlər.
O xüsusi şəkildə bildirib ki, Qarabağı heç bir zaman tərk etməyəcəklər.
Separatçı rejimin nümayəndəsi tam həyasızlıqla özlərini məzlum Fələstin xalqına bənzədib. “Biz Qəzzə kimi olduq, müharibə ilə oyanacağıq, müharibə ilə yatacağıq. Bu bizim həyat tərzimizdir və biz bundan qaçmırıq”,- deyə dırnaqarası nazir qeyd edib.
Maraqlıdır ki, separatçılar Ermənistan dövlətinin himayəsi ilə 30 il uzanan işğalçılıqları zamanı Azərbaycanın Dağlıq Qarabağda və ətrafdakı 7 rayonda bütün mədəniyyət abidələrini məhv ediblər, məscidlərdə isə donuz saxlamaqla İslam dininə hörmətsizlik ediblər. Lakin separatçı nazir bu fakta toxunmaq istəməyib.
Digər tərəfdən Fələstin xalqı öz tarixində heç bir xalqın şəhərlərini və kəndlərini xarabazara çevirməyib, əksinə İsrail rejiminin zülmlərinə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb və təhqirlərə, qırğınlara məruz qalıbdır. Bu səbəbdən separatçıları Qəzzə əhalisinə bənzətmək absurddur, onları qaniçən və vəhşilikdə misli az görünən İsrail rejiminə bənzətmək düzgün olardı.