Separatçılar Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
Xələf Xələfov rusiyalı sülhməramlılara səsləndi
Azərbaycan Ordusu erməni silahlılarının döyüş mövqelərinə cavab zərbəsi endirdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyi bildirib ki, qeyd olunan istiqamətlərdə dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.
Bu arada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan ərazilərində qanunsuz erməni hərbi birləşmələri olmamalıdır.
Nazir müavini deyib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və bunlar aradan qaldırılmalıdır.
“Azərbaycan ərazilərində olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - deyə X.Xələfov qeyd edib.