Apr 07, 2022 10:26 Asia/Baku
  • Brüssel görüşü məhsuldar olub

Azərbaycan və Ermənistan sülh müqaviləsinin hazırlanması barədə razılığa gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.

Bəyanatda Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz regionunu təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb.

Qeyd edilir ki, liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin həllinin zəruriliyini vurğulayıb və Avropa İttifaqının bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. 

Şarl Mişel sonra həm Azərbaycan prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.

Qeyd edilir ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb.

Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı təşviq edib. 

Teqlər