Sabirabadda qazinin intiharı ilə bağlı araşdırma aparılır
Sabirabadda qazinin intiharına geniş ictimai etirazlardan sonra Azərbaycan Respublikası Baş Prokurorluğu hadisənin araşdırılmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən,Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, iyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili, 35 yaşlı Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib. O, yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə köçürülüb. İyulun 12-də isə xəstəxanada vəfat edib.
Qarabağ qazisi özünü yandırdığı gün bir videoda öz niyyətini açıqlayıb və onun səbəbini Sabırabad icra başçısının onu qəbul etməməsi ilə izah edib.
Sabırabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov isə mərhumun yas mərasimində iştirakı zamanı Elvin Cəfərovu daima qəbul etdiyini bildirib və qazinin bu hərəkətinin onun psixoloji problemləri ilə əlaqəli ola biləcəyi ehtimalına toxunub.
Dünən Qarabağ qazisinin intiharı ilə bağlı etiraz aksiyalarının keçirilməsi ehtimalı nəzərə alınaraq Sabırabada əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi barədə social şəbəkələrdə məlumatlar yayılmışdır.
2-ci Qarabağ müharibəsindən sonra şəhid ailələri və qazilərə dövlətin qayğısı ilə bağlı bir çox tədbirlər barədə geniş məlumatlar yayılsa da vaxtaşırı olaraq şəhid ailələri və qazilərin social şəbəkələrdə yaxud dövlət orqanlarının qarşısında öz məişət vəziyyətləri ilə bağlı etirazlarının şahidiyik. Artıq sözləri və səsləri heç yerə çatmayan qazilər arasında bu kimi intihar hadisələri baş verir. Elvin Cəfərov intihar edən 36-cı qazidir.