Avq 19, 2022 10:10 Asia/Baku
  • Özünü yandıran qazinin vəziyyəti ağırdır

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran qazinin vəziyyəti açıqlanıb.

SəhərAzəri-nin verdiyi məlumata görəTƏBİB-dən bildiriblər ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

İkinci Qarabağ Müharibəsi veteranı Təbriz Abdullayev dünən Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırmağa cəhd edib.

Gənc Veteranlar İctimai Birliyinin sədri Hacı Vəliyev hadisə ilə bağlı Turana bildirib ki, bir ilə yaxındır Abdullayev sosial yardım üçün İcra Hakimiyyətinə müraciət edib. “Hər dəfə ona deyirdilər ki, yaxın vaxtlarda alacaq, bələdiyyədə isə veterana deyirdilər ki,  vakant iş yeri yoxdur”, - Vəliyev bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb. Prokurorluğun məlumatında intihara cəhdin səbəbləri açıqlanmır.

Samux Rayon İcra Hakimiyyəti isə hələlik baş verənlər barədə susub.

Teqlər