Azərbaycanın çəkdiyi yolla Qarabağa gələn erməni milyarder
Ruben Vardanyan dünya ermənilərinə səsləndi
Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bildirən rusiyalı milyarder Ruben Vardanyan dünya ermənilərinə Qarabağdakı haylara dəstək üçün müraciət edib.
News.am-ın yaydığı məlumata görə, R.Vardanyan video-müraciətini Xocavənd rayonunun işğal altındakı Şıx Dursun kəndində qoca çinarın yanında dayanaraq ünvanlayıb.
“İnanıram ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri Artsax xalqı ilə bir yerdə olmalıyıq. Biz onlara nəinki simvolik dəstək verməliyik, həm də əməldə kömək etməliyik. Artsax dünya erməniliyinin mərkəzidir”- deyə rusiyalı erməni milyarder çərənləyib.
O, Rusiyaya Qarabağdakı mövcudluğuna və sülhməramlı qoşunları tərəfindən buradakı erməniləri müdafiə etməsinə görə minnətdarlığını bildirib.
“Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Artsax xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır”- deyə erməni milyarder vurğulayıb.
Xatırladaq ki, Ruben Vardanyan avqustun əvvəlində, yəni Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılması məsələsi gündəmə gəldikdən sonra Qarabağda "Artsaxın təhlükəsizliyi və inkişafı cəbhəsi" yaratmaq təşəbbüsü ilə çıxış edib.
Azərbaycan Respublikasının erməni separatçılarının ixtiyarına verdiyi dəhliz vasitəsi ilə Azərbaycan torpaqlarına gələn Ruben Vardanyan Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağı təsəvvürünü yaratmaq üçün Rusiya vətəndaşlığından imtina etdiyini bildirib. O bununla yəqin dolayısı ilə Qarabağ vətəndaşı olmasına diqqət çəkmək istəyib.