Rasmussen Bakıya qarşı məqalə ilə sərt çıxış edib
NATO-nun keçmiş baş katibi və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen Ermənistana səfər edəndən və Baş nazir Nikol Paşinyanla görüşdən sonra Azərbaycan əleyhinə kəskin ittihamlarla dolu məqalə ilə çıxış edib.
“Proyekt Sindikat” (Project Syndicate) nəşrində yayımlanan məqalədə o, Azərbaycanı 2020-ci il atəşkəs razılaşmasını açıq şəkildə pozaraq, “Dağlıq Qarabağda humanitar böhranı” qızışdırmaqda və növbəti dəfə qonşu Ermənistanı hərbi təcavüzlə hədələməkdə ittiham edib.
O, Rusiyanın kömək edə bilməyəcəyi və ya kömək etmək istəmədiyi bir şəraitdə Avropa Birliyinin Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında daha böyük rol oynamalı olmasından bəhs edib.
“Bütün gözlər haqlı olaraq Rusiyanın Ukraynadakı müharibəsinə dikilib. Lakin bu, Avropanın astanasında yaranan başqa bir böhrana məhəl qoymamaq üçün bəhanə deyil. Ermənistanla Azərbaycan arasında gərginlik yenidən yüksəlir və növbəti müharibə ehtimalını artırır”,- Rasmussen deyib.
“Ötən həftə mən Dağlıq Qarabağın etnik erməni əhalisini Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizində oldum. Dekabr ayından ətraf mühitə etiraz bəhanəsi ilə azərbaycanlılar tərəfindən dəhlizə giriş bağlanıb. Bu, açıq şəkildə Bakıdakı rejimin dəstəyi ilə baş verir”,- NATO-nun keçmiş baş katibi bildirib.
Rasmussen xatırladıb ki, Azərbaycanın blokadanı ləğv etməkdən imtina edərək üzərinə götürdüyü öhdəliyi pozduğunu qəbul edən Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də qərar çıxararaq, Azərbaycandan bunun üçün bütün lazımi addımları atmağı tələb edib, ancaq bir ay keçib və heç nə dəyişməyib.
“Avropa və daha geniş beynəlxalq ictimaiyyət Azərbaycana blokadanı aradan qaldırmaq üçün təzyiq göstərməsə, indiki humanitar böhran humanitar fəlakətə çevrilə bilər” deyə çağırışda deyilir.
“Azərbaycan blokadadan və digər tədbirlərdən Dağlıq Qarabağı boğmaq üçün istifadə edir. Sakinlərin tez-tez evlərinə qayıtmasının qarşısı alınır, xəbərdarlıq və izahat olmadan müntəzəm olaraq qaz və işıq kəsilir. Məqsəd, aydındır ki, erməni əhalisinin həyatını mümkün qədər çətinləşdirməkdir və qaçılmaz etnik təmizləmənin ciddi riski var. Baxışlarımızı baş verənlərdən yayındırmamalıyıq”, - Rasmussen yazır.
“Deməli, beynəlxalq ictimaiyyət üçün birinci prioritet BMT və ya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi altında dəhlizə faktaraşdırıcı missiya göndərməkdir. Biz aydın şəkildə bildirməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Məhkəmənin məcburi əmrini pozmağa davam edərsə, bunun nəticələri ilə üzləşəcək”,- NATO-nun keçmiş baş katibi vurğulayıb.