İyul 01, 2024 18:03 Asia/Baku
  • Son 6 ayda Azərbaycanda 19 hərbi qulluqçu dünyasını dəyişib

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 19 hərbi qulluqçusunu itirib.

Həlak olan hərbi qulluqçulardan 17 nəfəri qeyri-döyüş itkiləri ilə bağlıdır, 2-si isə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərdir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, ümumilikdə 2024-cü ildə 5 nəfər avtomobil qəzasından, 4 nəfər müxtəlif bədbəxt hadisələrdən, 3 nəfər müxtəlif xəstəliklərdən, 3 nəfər intihardan, 2 nəfər antiterror əməliyyatları səbəbindən, 1 nəfər qeyri-qanuni haldan, 1 nəfərsə naməlum səbəbdən dünyasını dəyişib.

Bu dövrdə dünyasını dəyişənlərin 17 nəfəri Müdafiə Nazirliyinin, 2 nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Dünyasını dəyişənlərin 11 nəfəri əsgər, 7 nəfəri zabit, 1 nəfəri isə gizirdir.

2024-cü ildə ümumilikdə ən azı 18 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onlardan 15-i avtomobil qəzası nəticəsində, 2-si erməni gülləsindən xəsarət alıblar. 1 nəfərsə zəhərlənib.

Azərbaycanın Təhlükəsizlik və Müdafiə qurumları bu məlumatla bağlı hələ şərh verməyib.