İlham Əliyev Məsud Pezeşkiana zəng edib
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Azərbaycan Respublikası prezidentinin rəsmi veb səhifəsinin verdiyi məlumata görə İlham Əliyev Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Məlumatda deyilir ki, telefon söhbətində Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikası prezidentinə minnətdarlığını bildirib, gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlıqların inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları iki ölkə arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı öz ölkəsinə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian da Azərbaycan Respublikası prezidenti İlham Əliyevi İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Azərbaycan prezidenti bu dəvəti məmnunluqla qəbul edib.