Növbədənkənar seçkilərin sirri açılır
Azərbaycanda yeni deputat seçilən gənc nəslin nümayəndələri kimlərdir?
Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə seçilən gənc deputatların kimliyi bəlli olub.
Poliqon Portalı “İrsi deputatlar - Milli Məclisin yeni trendi” başlıqlı yazıda bildirir ki, MSK-nın ilkin məlumatına görə, Azərbaycan parlamentinin yeni tərkibinə əvvəlki deputatların və dövlət məmurlarının övladları və qohumları olan bir qrup şəxs daxil olub.
Portal həmin deputatlardan bir neçəsinin adını oxucularına təqdim edibdir.
Baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva, keçmiş deputat Fəzail Ağamalının qızı Günay Ağamalı, keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyev, keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədova, Milli Məclisin keçmiş deputatı Tahir Süleymanovun oğlu Mahir Süleymanov və keçmiş deputat Hadi Rəcəblinin bacısı oğlu Fariz İsmayılzadə ölkə parlamentinə yeridilmiş gənc deptatlardır.
Beləliklə də Azərbaycan iqtidarı özünə məxsus metodla yaşlaşmış deputatları gənc deputatlarla əvəz etməyi bacarıbdır.
Bundan başqa daha iki deputatın da kimliyi xəbər portalını maraqlandırıb. Onlardan biri keçmiş deputat Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı, digəri isə xarici işlər nazirinin müavini Elnur Vəliyevin həyat yoldaşı Pərvanə Vəliyevadır.
Politoloq Nəsimi Məmmədli bildirib ki, seçkilərin ilkin nəticələrinə görə, 88 nəfər əvvəlki tərkibdən qalır. 37 nəfər yeni deputatdır. Bu 37 nəfərin 7 nəfəri əvvəllər də deputat olub. Otuz nəfər tamamilə yeni simalardır. "25 nəfər yeni şəxsin adını Google axtarış sistemi üzərindən belə tapa bilmədim ki, bu adamlar nə işlə məşğul olub", - deyə Məmmədli qeyd edib.