Sen 12, 2024 12:30 Asia/Baku
  • Aİ Azərbaycan hakimiyyətini CPT ilə dialoqa çağırıb

Sentyabrın 11-də Strasburqda keçirilən Nazirlər Şurasının iclasından sonra Aİ-nin Avropa Şurasındakı nümayəndəliyi bəyanat qəbul edib.

“Aİ İşgəncənin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) 114-cü plenar iclasında (iyul 2024) Azərbaycanla bağlı qəbul edilmiş ictimai bəyanatı bird aha diqqətə çatdırır.

Biz Azərbaycan hakimiyyəti ilə CPT arasında davamlı əməkdaşlığın olmamasından təəssüflənirik və Azərbaycan hakimiyyətini Komitə ilə konstruktiv dialoqu bərpa etməyə çağırırıq”,- Bəyanatda deyilir.

Aİ-nin Avropa Şurasındakı nümayəndəliyi Azərbaycanı Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yatirməyə çağırıb: “Biz Azərbaycan hakimiyyətini Komitənin bəyanatında qaldırılan məsələləri öz beynəlxalq öhdəliklərinə, o cümlədən Azərbaycanın Avropa Şurasının üzvü kimi qoşulduğu öhdəliklərə uyğun həll etməyə çağırırıq”,- Bəyanatda bildirilir.

Aİ Azərbaycanda keçən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsləri ilə bağlı son həbslərdən də narahat olduğunu bildirib. Bəyanatda Azərbaycan dövləti məhbuslara qarşı işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ilə bağlı ciddi məsələləri həll etməyə çağırılır.

Aİ-nin Avropa Şurasındakı nümayəndəliyinin bəyanatına Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə cavab verib:

O bu bəyanatı qərəzli adlandıraraq onun qəbuledilməz olduğunu bildirib, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Ayxan Hacızadə Aİ-nin Avropa Şurasındakı nümayəndəliyini Azərbaycana qarşı bəyanat verməkdənsə Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edib. O Azərbaycanda insanların bütün hüquqlarının qorunduğunu deyib.

Teqlər