Ərəstun Oruclu: “Görünür yeni "pegasuslara" ehtiyac var”
Azərbaycan hökuməti Sionist İsrail rejiminin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir. Bu barədə son günlər işğalçı rejimin “Globes” nəşri Azərbaycana köçməyin mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yaymışdı.
Turan xəbər agentliyi Sionist rejimin Livanlılara qarşı kiberterrorundan sonra bu mövzunun daha ad aktuallaşmasına görə mövzu ilə bağlı Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə müsahibəni dərc edib.
İsrailin İT şirkətlərinin dəvət olunması məsələsində əhatə dairəsi olduqca geniş olan xeyli sualların meydana çıxdığını deyən ekspert bildirib ki, həmin sualların əsasında sövdələşmənin Azərbaycan üçün müsbət perspektivlərinin ən yaxşı halda minimal olacağını deməyə ciddi əsaslar var.
Ərəstun Oruclu istənilən ölkənin İT şirkətlərinin öz dövlət qurumları, o cümlədən də təhlükəsizlik orqanları ilə sıx əməkdaşlığa malik olduğunu xatırladıb və eyni zamanda Azərbaycanda dövlət təhlükəsizliyini zəiflədən amillərə diqqət çəkib:
“Azərbaycan cəmiyyətində "dost" və "qardaş" dövlət anlayışlarının dominantlıq etməsi də son nəticədə dövlətin təhlükəsizliyinə qarşı işləyir. İctimai şüura belə narrativlərin yeridilməsi təkcə vətəndaşların sayıqlığını itirərək xarici kəşfiyyatların qurbanına çevrilməsinə şərait yaratmır, həm də bu cür dövlətlərin Azərbaycan maraqlarına qarşı fəaliyyətilə bağlı tənqidi yanaşmaları, onların müəlliflərini hədəfə alaraq susdurmağa xidmət edir”- Ərəstun Oruclu deyib.
Sionist İsrail rejimi ilə İT sahəsində əməkdaşlığın "Pegasus" olayını xatırladan Ekspert deyib: "Pegasus" proqramı ilə bağlı qalmaqal hələ üzə çıxan, ifşa edilən hallardandır, əslində isə belə şeylərin nə qədər olmasını biz heç ehtimal da edə bilmərik. "Pegasus" və insan hüquq və azadlıqlarına qarşı yönəlmiş digər oxşar proqramları yaratmış İsrail şirkətlərinə hətta bu ölkənin ən yaxın müttəfiqi olan ABŞ da sanksiyalar tətbiq edib. O zaman İsrail rəsmiləri qeyd edirdilər ki, "Pegasus" terrorçuların fəaliyyətini izləmək məqsədilə Azərbaycan, Sudan və s. bu tipli ölkələrə satılıb, halbuki Azərbaycanda həmin proqram vasitəsilə izlənənlərin istisnasız olaraq hamısı ictimai-siyasi fəallar, müxalifət nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər idi. Görünür, indi də ictimai-siyasi vəziyyət elədir ki, yeni "pegasuslara" və onların yaradıcılarına ehtiyac var”,- Ərəstun Oruclu bildirib.
İsrailin İT texnologiyalardan müxtəlif neqativ məqsədlər üçün istifadə etməsi barədə xeyli faktların olduğunu deyən ekspert Livanda həyata keçirilən kiberhücumu kiberterrorçuluq akti və hərbi cinayət adlandırıb və sözlərini belə davam etdirib: Azərbaycana və ya ölkənin ayrı-ayrı vətəndaşlarına qarşı da nə zamansa oxşar addımların atılmayacağına heç kim zəmanət verə bilməz. Ona görə də ölkənin gələcəyini indidən düşünməli və İT sahəsində uğurlu Azərbaycan şirkətlərinin yaradılmasına çalışmaq lazımdır.
Ərəstun Oruclu Azərbaycan Respublikasının işğalçı sionist rejimin İT meydanına çevrilməsinin Azərbaycanı bölgə ilə qonşu olan bütün ölkələrin İran, Türkiyə və Rusiyanın hədəfinə çevirəcəyinə də xüsusi diqqət çəkib.