Mart 17, 2025 13:49 Asia/Baku
  • 5 müxalifət nümayəndəsi prokrorluğa çağırıldı

Azərbaycan Respublikasının Baş Prokurorluğu mühacirətdəki bloqerləri və keçmiş 'Akkord' rəhbərini istintaqa çağırıb.

Baş Prokurorluğun bu şəxslərə müxtəlif maddələrlə ittiham irəli sürdüyü bildirilir.

Onlardan biri, bir vaxtlar Azərbaycanda bir çox tenderlərin qalibi olmuş "Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir. Hazırda mühacirətdə olan Haciyev son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.

İ.Hacıyevin Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunduğu bildirilir. Onun barəsində axtarış elan edildiyi, həbs-qətimkan tədbirinin seçildiyi vurğulanır.

Ondan başqa, bloqerlər Məhəmməd Mirzəli və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.

 

M.Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub, Fransada yaşayır. Özünün yazdığına görə, o, Göyçayda "Əsgər ölümlərinə son!" aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib.

Mirzəlinin kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd etmə maddələri ilə ittiham edilir.

Hakimiyyətə qarşı sərt çıxışları ilə tanınan bloqer Q.Məmmədov isə Cinayət Məcəlləsinin terrorçuluq daxil 24 maddəsi il ittiham edilir.

Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovdur. O da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. Qurban Məmmədov mühacirətdən əvvəl Azərbaycanda olarkən bir neçə dəfə müxtəlif ittihamlarla həbs edilib.

Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən biri isə Tural Sadıqlıdır. O isə kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur.

Prokrorluğun birdən-birə mühacirətdə olan siyasi fəalları istintaqa çağırması barədə müxtəlif versiyalar səslənir. Onlardan birinə əsasən həmin bu şəxslərin Azərbaycan hakimiyyətinin Ermənistanla sülh danışıqlarında güzəştə getməsi ilə bağlı ictimai rəy formalaşdırmalarına bəri başdan maneə törədilir və irəli sürülən ittihamlar həqiqəti əks etdirmir.