Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu qərarı normal hesab etmək olarmı?
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 iyul saat 06:00-dək uzadılıb.Azərbaycanda xüsusi karantin rejimi ilk dəfə 2020-ci il martın 24-də pandemiyası səbəbindən tətbiq edilib. Lakin pandemiya bitməsinə baxmayaraq, xüsusi karantin rejimi və quru sərhədlərin bağlı qalması beş ilə yaxındır davam edir və bu vəziyyət bəzi dairələr tərəfindən tənqid olunur. Xüsusilə, quru sərhədlərinin bağlı qalması müxalifət nümayəndələri və müstəqil təhlilçilər tərəfindən narazılıqla qarşılanır. Onlar hesab edirlər ki, quru sərhədlərinin bağlı saxlanılması milli təhlükəsizlik səbəbi ilə əsaslandırılsa da, bu, manipulyasiya ola bilər. Bununla yanaşı, bəzi ictimai fəallar quru sərhədlərinin açılması tələbi ilə etiraz aksiyaları keçiriblər.Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-də COVID-19-un artıq qlobal ictimai səhiyyə üçün təcili vəziyyət təşkil etmədiyini elan edib. Buna baxmayaraq, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır və yalnız hökumətin xüsusi icazəsi ilə keçilə bilər.Bu tənqidlərə baxmayaraq, hökumət quru sərhədlərinin bağlı saxlanılmasını təhlükəsizlik riskləri ilə əlaqələndirir. Prezident İlham Əliyev qeyd edib ki, quru sərhədlərinin bağlı olması ölkəni böyük fəlakətlərdən xilas edib və hazırda belə tədbirlər təhlükəli hərəkətlərin qarşısını almağa kömək edir. Dövlət başçısının irəli sürdüyü bu arqumentə inanan azdır. Sosial media istifadəçiləri mövcud vəziyyətə görə bəzən Azərbaycan Respublikasını Şimali Koreya ilə müqayisə edirlər.