“Müsəlman Birliyi Hərəkatı“ Mövsüm Səmədovla bağlı bəyanat yaydı
Avq 28, 2015 09:39 Asia/Baku
Sentyabrın 4-ü AİP lideri Mövsüm Səmədovun doğum günüdür. Bununla əlaqədar olaraq avqust ayının 28-dən sentyabr ayının 4-dək olan müddəti Müsəlman Birliyi Hərəkatı "Mövsüm Səmədov həftəsi" elan edib. Bununla əlaqədar olaraq Hərəkat bəyanat yayıb. FaktXəbər-ə daxil olan bəyanatda deyilir:
"Azərbaycanın müstəqillik tarixindən bu günümüzə qədər uzanan müddətdə xalq bir çox qəhrəmanlarını tanıdı və tanıtdı. Onlar torpaq, vətən və mənəviyyat dolu pak amal uğrunda mübarizəyə atılaraq Azərbaycanın müstəqlllik tarixinin şanlı səhifələrini yazdılar. Şəhidlər öz şəhadətləri ilə yaşadı, şahidlər isə bu mübarizənin qazilərinə çevrildi. Xalq onları bu dəyərlərlə tanıdı və sevdi.Yaşadığımız həftə müqəddəs amalı ilə mübarizə meydanlarının haqq carçısı, mənəviyyat və əqidə dolu ilahi dəyərlərlə ucalmış pak qəlblı ilahiyyatçı, doktor, siyasətçi, ictimai xadim, ən əsası haqq və əqidə uğrunda əyilmədən mübarizə aparan, mətin ruhlu, sabit əqidəli Mövsüm Səmədovun doğum gününə təsadüf edir. Doktor Səmədov həyatının 50 yaşlı enişli-yoxuşlu həyat səhifəsinin növbəti vərəqinə imza qoymağa başlayır.
Mövsüm Səmədov dünyada baş qaldıran istənilən haqsızlıq, zülm və sitəmin məhkum olunması üçün təkcə sözlə deyil, əməldə etiraz edən şəxslərdəndir. Heç təsadüfi deyildir ki, dəfələrlə müxtəlif cəza növləri ilə saxlanılaraq həbslərlə üzləşmiş, lakin bu, onun amalında bir anlıq olsun, zəiflənmə kimi halla müşahidə olunmamışdır. Başçılıq etdiyi Azərbaycan İslam Partiyası sıralarındakı rəhbərliyi dövrü isə, onun aydın siyasəti ilə Mövsüm Səmədovu geniş auditoriyaya bir daha tam aydınlığı ilə nümayiş etdirmişdir. Ölkədə islamafob siyasəti kəskin pisləyən Səmədov əsgər ölümləri, pozulan insan haqları ilə yanaşı, dünyanın zalım rejimlərinin addımlarına qarşı sərt çıxışları ilə bir mətin siyasətçinin aydın obrazını yaratmışdı. 2010-cu ildə ölkədə orta məktəblərdə olan hicab qadağası səbəbi ilə doktor Səmədov bu mövcud haqsızlığa etirazı ilə yadda qaldı. Sərt tənqidindən sonra ilahiyyatçı həbs olundu və məhkəmə bir neçə qondarma ittihamla saf əqidəli, dəyərli Azərbaycan oğlunu 12 illik həbs cəzasına məhkum edərək həbsxanaya saldı.
Hazırda Qobustan qapalı tipli həbsxanada olan Səmədovun 50 illik yubileyi ilə bağlı “Müsəlman Birliyi Hərəkatı” avqustun 28-dən sentyabrın 4-nə kimi Mövsüm Səmədov həftəsi elan edir. Bu həftə ərzində Mövsüm Səmədovla bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu günlər ərzində bütün ictimaiyyəti bu fədakar insanın fəaliyyəti barədə yaxından tanış olmağa və təşkil olunan tədbirlərdə fəal iştirak etməyə dəvət edirik".