Apr 05, 2018 20:17 Asia/Baku
  • Hindistanla Azərbaycan arasında əlaqələr inkişaf edir

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Hindistanın xarici işlər naziri xanım Suşma Svarajın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 APA-nın verdiyi məlumata görə,Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.  Nazirlər Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu vurğulayıblar.

Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin vacibliyini vurğulayıblar və enerji, investisiya qoyuluşu, film sənayesi, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın rolu qeyd olunub.

Söhbət zamanı tərəflər Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutları barədə fikir mübadiləsi aparıblar. Cənub Asiya regionunu Şərqi və Şimali Avropa regionları ilə birləşdirən bu nəqliyyat dəhlizlərinin region ölkələri arasında yük daşımalarının və insanlararası təmasların artmasına təkan verəcəyini vurğulayıblar. Qonaq Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə Azərbaycanın və digər tərəfdaş ölkələrin səylərini dəstəklədiyini bildirib.

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunublar. Elm-təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edən nazirlər diplomatik təhsil müəssisələri arasında tələbə-müəllim mübadiləsi məsələsini nəzərdən keçiriblər.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar. "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu" nazir müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin katibi (Qərb) xanım Ruçi Qranaşyam tərəfindən imzalanıb.

Teqlər