E.Məmmədyarov Ermənistan XİN başçısının açıqlamasını şərh etdi
Azərbaycan Respublikasının xarici işlər naziri erməni tərəfinin müzakirə masasında torpaqların qaytarılması məsələsinin olmadığına dair iddialarının həqiqətə uyğun olmadığını bəyan edib.
Elmar Məmmədyarov Minval.az saytına verdiyi müsahibədə deyib: “Aydındır ki, Zöhrab Mnatsakanyan belə ritorik hücumu daxili auditoriyanı sakitləşdirmək üçün edib. Əks halda o həmin bəyanatdan bir neçə saat sonra videokonfrans şəklində danışıqların davamına qoşulmazdı.”
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri torpaqların qaytarılması məsələsi deyil, təhlükəsizlik və xalqların öz müqəddəratını təyinetmə məsələsinin müzakirə predmeti olduğunu iddia etmişdi.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri nizamlama prosesinin ümumi çərçivələrinin dəyişmədiyini vurğulayıb. Onun sözlərinə görə, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad olunması və həmin ərazilərdən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtması, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması danışıqların əsas predmetini təşkil edir. Bununla yanaşı Dağlıq Qarabağın hər iki icmasının müəyyən müddətə birgə yaşayışı üçün şəraitin təmin edilməsi, sonrakı mərhələlərdə isə Azərbaycanın ərazi bütövlüyü gözlənilməklə regionun statusuna baxılması nəzərdə tutulur.
Ermənistan dövlətinin təhlükəsizlik məsələsində israrlı olmasına gəlincə Azərbaycanlı nazir bildirib ki, işğal faktı aradan qalxmadan təhlükəsizlikdən, yüz minlərlə insanın təməl haqqı bərpa edilmədən isə insan haqlarından danışmaq mümkün deyil.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da aprelin 21-də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr barədə danışarkən Azərbaycanın işğal edilmiş rayonlarının qaytarılmasının müzakirə olunduğunu təsdiqləyib.Rusiya XİN rəhbəri xatırladıb ki, mövcud layihələrdə Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılması nəzərdə tutulur.
Lavrov sözü gedən layihələrin Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan və hazırda fəal müzakirə olunan sənədlərdən ibarət olduğunu Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı diqqətə çatdırıb.