İyul 08, 2020 11:04 Asia/Baku
  • QAT sədri Azərbaycan prezidentinin son Qarabağ açıqlamasını şərh edib

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri prezident İlham Əliyevin Qarabağ məsələsilə bağlı baxışını, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanladığı sərt mesajları alqışlayıb.

SaharAzeri xəbər verir, QAT-ın sədri Akif Nağı bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı son kəskin açıqlaması yaranmış vəziyyəti, reallığı əks etdirir. Artıq buna dözmək mümkün deyil. Həmsədrlər, digər beynəlxalq qurumlar ermənilərin hərəkətlərinə açıq-aydın göz yumurlar. Heç bir halda reaksiya vermək istəmirlər. Ermənilər Dağlıq Qarabağda istədiklərini edirlər, orda “andiçmə” mərasimi keçirilər, şoular təşkil edirlər, ancaq həmsədrlər tərəfindən heç bir reaksiya yoxdur.

Onun sözlərinə görə, həmsədrlərin davranışları artıq cəmiyyət tərəfindən də böyük narazılıqlara və etirazlara səbəb olub. Cəmiyyətdə bununla bağlı suallar var. Dövlət başçısı öz münasibətini ortaya qoydu ki, Minsk Qrupu həmsədrləri obyektiv yanaşmırlar, müşahidəçi mövqeyindədirlər, faktiki olaraq ermənipərəst mövqedədirlər. Prezidentin məsələni bu şəkildə qoyması çox müsbət bir hadisədir.

QAT sədri indiki məqamda Ali Baş Komandanın növbəti addımlarını gözlədiyini söyləyib və deyib: “Bizim əsas gözlədiyimiz müharibə əmridir. Artıq xalqın istəyini prezident də rəsmi səviyyədə bəyan edir. Yəni vaxtilə diplomatik etiketlər gözlənilirdi, Prezident öz mövqeyini tam açıq şəkildə demirdi. Amma artıq bunu deməyə məcburdur. Çünki həmsədrlər açıq şəkildə ermənipərəst mövqe tuturlar”.

Akif Nağı digər vacib bir məqama da diqqət çəkib və bildirib: “Prezident ilk dəfə beynəlxalq hüquqa söykənərək, güc faktorundan danışdı. Həmsədrlər və digərləri həmişə münaqişə ilə bağlı danışanda deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Prezident isə vurğulayır ki, BMT Nizamnaməsində işğala məruz qalan tərəfin istənilən vasitələrlə özünü müdafiə etmək hüququ tanınır. Bu, birinci dəfədir ki, artıq Azərbaycanın gücdən, silahdan istifadə etmə faktoru beynəlxalq hüquqa, yəni BMT Nizamnaməsinə istinadən bəyan olunur və Prezident o hüquqdan artıq istifadə etməyin mümkünlüyünü vurğulayır, çox vacib məsələdir.” 

QAT sədri qeyd edib ki, prezidentin fikirləri bütövlükdə müsbət dəyərləndirilməlidir. Artıq aydın şəkildə görünür ki, bu mövqenin ardınca Azərbaycan hərbi əməliyyatlara başlaya bilər və başlamalıdır. Müdafiə Nazirliyi tərəfindən də müəyyən addımların atıldığı müşahidə olunur, cəbhə bölgəsinə hərbi gücün yığılması ilə bağlı xəbərlər var.

Qarabağ Azadlıq Təşkilatının sədri sonda vurğulaypıb ki, çıxış yolu ancaq müharibədir. Müharibə başlayarsa, bütün ictimai-siyasi təşkilatlar hamı prezidentin arxasında olmaldır. 

Teqlər