Yan 14, 2021 14:02 Asia/Baku
  • Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıblar

İslamabadda Pakistan, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib.

SəhərAzəri xəbər verir, görüş regionda üçtərəfli əməkdaşlığı dərinləşdirmək, Əfqanıstan və Dağlıq Qarabağın vəziyyəti, islamofobiya və terrorizmlə mübarizə məsələlərinə həsr olunubdur.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşinin təşkil etdiyi Pakistan, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü dünən bir bəyanat yayaraq, öz işini başa vurub.

Bundan əvvəl, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu pakistanlı rəsmilərlə ayrı-ayrılıqda görüşlər keçirərək, onlarla ikitərəfli münasibətlərin, xüsusilə də hərbi və müdafiə əməkdaşlıqlarının dərinləşdirilməsinə təkid ediblər.

Tərəflər üçtərəfli görüşün sonunda müsəlmanlara qarşı zorakılığın kəskinləşməsindən öz narahatlıqlarını bildiriblər. Onlar islamofobiya ilə mübarizə istiqamətində birgə addımların atılacağını və bu mövzunun regional və beynəlxalq səviyyələrdə qaldırılacağını bildiriblər.

Koronavirus pandemiyasının nəticələri ilə mübarizə sahəsində birgə fəaliyyətə təkid edən tərəflər deyiblər ki, ümumi səylər digər xalqların sağlamlığını təmin və ölkələrin həyat şəraitini yaxşılaşdırmağa kömək edə bilər.

Pakistan, Azərbaycan Respublikası və Türkiyənin xarici işlər nazirləri regional və beynəlxalq məsələlərin beynəlxalq qanunlara və beynəlxalq orqanların nizamnamələrinə uyğun olaraq dinc yolla həllini istəyiblər.

Əfqanıstandakı sülh prosesini vacib adlandıran tərəflər bu ölkədə davamlı sülhün Əfqanıstanın qonşuları da daxil olmaqla, bütün ölkələrin maraqlarına cavab verdiyini vurğulayıblar.

Pakistan, Türkiyə və Azərbaycan Respublikası arasında üçtərəfli görüşün birinci mərhələsi 2018-ci ilin noyabrında Bakıda keçirilib.

Teqlər