Fev 01, 2021 13:53 Asia/Baku
  • Suyun qiymətinin qalxmasının səbəbi açıqlandı

Son dövrlərdə tikilən, istismara verilən, istismarda olan iri infrastruktur layihələrinin faydalı istifadə müddətinin uzadılması üçün lazımi resursların olmaması tariflərin artırılmasında başlıca məqsədlərdən biri olub.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki,  "Azərsu" ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib: istifadə müddəti bitən iri infrastruktur layihələrinin təmirinə ASC tərəfindən çox az vəsait sərf olunur:"Bizim istehsal xərclərinin maya dəyərinin 3-5%-i təmir xərclərinə sərf olunur. Bu da uzunmüddətli dövrdə iri infrastruktur layihələrinin istismar müddətini tamamlanmasına, onların istismarının əlverişsizliyinə gətirib çıxarır və bu məqsədlə tariflərin artırılması zəruri hala çevrilir. Eyni zamanda tariflərin artırılmasında başlıca məqsəd, korporativ məqsədlərlə yanaşı, istehlakçılar tərəfindən suya israfçılığın qarşısının alınmasıdır. ASC-nin əsas məqsədi istehlakçılara içməli su təchizatıdır, amma biz görürük ki, istehlaka təchiz edilən içməli su digər məqsədlər üçün, məsələn, suvarma məqsədləri üçün və ya sənaye sahəsində istifadə olunur. Bu da suyun israfçılığın qarşısını alınmasında təbii ki, ən mühüm problemlərdən birinə çevrilir".

ASC-nin şöbə rəisi əlavə edib ki, 2016-cı ildə enerji tariflərinin 50% artması da iqtisadi faktor kimi öz təsirini göstərib. "“Azərsu” ölkədə ən böyük enerji istehlakçılardan biridir. Nəzərə çatdıraq ki, 2016-cı ildə tariflər təzələnən zaman xidmət tarifləri 37% artmışdı. Enerji tariflərinin 50% artması, təbii ki, müəssisənin tariflərin artırılmasından daxil olan gəlir effektivliyinin 23,6%-ə salmışdı. Eyni zamanda 2019-cu ildə ümummilli əməkhaqqının artırılması cəmiyyət üzrə əməkhaqqı xərclərinin, o cümlədən bir sıra məcburi dövlət sosial sığorta fondlar ayırmaların, vergi ödənişlərin artmasına bilavasitə öz təsirini göstərib".

Qeyd edək ki, bu gündən etibarən Az. R.-da bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik təşkil edir.

Teqlər