Apr 30, 2021 11:32 Asia/Baku
  • ADNA-da törədilən cinayət hadisəsindən 12 il ötdü

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 12 il ötür.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakıda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

 

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət yaradılmış əməliyyat istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Ancaq indiyədək beynəlxalq axtarışın heç bir nəticəsi olmayıb. ADNA-da törədilən cinayətdən bir neçə il sonar Mardun Qumaşyan Gürcüstanda ezamiyyətdə olan “Yeni Müsavat” əməkdaşlarına verdiyi müsahibədə, ADNA-da törədilən terrorla əlaqəsinin olmadığını bəyan edib. Bildirib ki, Azərbaycan hüquq-mühafizə oraqnlarının ittihamları doğrudursa, həmin ittihamları Gürcüstan Prokurorluğuna təhvil verilsin və o, istintaqda cavab verməyə hazırdır. Mardun Qumaşyanın Azərbaycan tərəfindən interpola verilməsindən sonar  Gürcüstanda ailəsi ilə birgə yaşadığı, çörək bişirib dolandığı barədə də məlumat yayılmışdı.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildiriblər.  Nadir Əliyev məhkəmə zamanı dəfələrlə bəyan edib ki, ona işgəncə verilib, bu yolla tələb edilən ifadələr alınıb.

Nadir Əliyevin bibisi məhkəmə hökm verdikdən sonar Yeni musavat qəzetinə demişdi ki, Nadirə hökm oxuyan hakim Ramella Allahverdiyeva da bilirdi ki, günahı olmayan cavan uşaqları bədbəxt edir. Hakim hökmü oxuyanda ağlayırdı. 

 

 

 

 

 

Teqlər