May 19, 2021 19:19 Asia/Baku
  • Avroviziya təmsilçisindən Azərbaycan bayrağına qarşı hörmətsizlik

“Avroviziya -2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən biabırçı müğənninin bu ölkə bayrağına hörmətsizliyi geniş etiraza səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, mayın 18-də Niderlandda “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib və Azərbaycanın ifası finala vəsiqə qazanıb.

Azərbaycanı bu müsabiqədə “Mata Hari” mahnısı ilə təmsil edən Samira Efendi və onunla komanda şəklində çıxış edən xanımların bu ölkə bayrağına qarşı etdiyi hərəkətlər haqlı olaraq sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, Azərbaycanı təmsil edən xanımlar finala vəsiqə qazandıqlarını eşidər-eşitməz bayrağı ayaqlarının arasına qoyaraq alqışlamağa, daha sonra isə bayrağı divanın üstünə ataraq onun üzərinə çıxıb hoppanıb-düşməyə başlayıblar.

“Açıq-saçıq, nakolkalı, heç bir milli ruhu, savadı, səviyyəsi olmayan “qaqulikləri” kim göndərib ora? Avropaya, xarici ölkələrə, Afrikaya baxıb nümunə götürən, saçlı, saqqallı, hörüklü, sırğalı cavanlarımızın bu səviyyəyə çatmasının günahı bizdədir”.

Bu fikirləri əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Şeyx Əbdül Mahmudbəyov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, heç bir milli ruhu, vətənpərvərlik hissi olmayan, öz tarixini, keçmişini, dilini bilməyən adamlardan heç nə gözləmək olmaz.

“Bu gün cavanları başlı-başına buraxmışıq. Televiziyalarda lazım olmayan təbliğatlar, verilişlər, lahiyələr göstərilir. Şou biznes adlanan bir dəhşətli, eybəcər sahə var. Burda sənəddən söhbət getmir, ancaq əxlaqsızlıqdan, bədən hərəkətlərindən, eybəcər səsdən, musiqidən söhbət gedir. Başa düşə bilmirsən bu musiqi haranın musiqisidir? Bu nə bədən, baldır, sinə hərəkətləri, nakolkadır? Amma baxırsan, hər şeyləri var. Dünyanı, restoranları gəzirlər, təmtəraqlı həyat tərzləri, maşınları və s. Cavanların da müəyyən bir qismi bunun təsirinə düşür. Bu getdikcə ildırım sürəti ilə yayılır”.

Şeyx Əbdül Mahmudbəyov vurğulayıb ki, malımıza, mülkümüzə, əxlaqımıza sahib durmalıyıq.

Teqlər