İyun 12, 2021 15:20 Asia/Baku
  • Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun olardı

Azərbaycan Respblikasının sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandadakı parlament seçkilərində Nikol Paşinyanın qələbə çalmasını məqsədəuyğun hesab edib.

SəhərAzəri-nin məlumatına əsasən, sabiq baş diplomat "Moderator" portalı ilə müsahibədə deyib: "Hesab edirəm ki, 10 Noyabr razılaşmasının həyata keçirilməmiş əsasən bir bəndi qalıb: Zəngəzur dəhlizinin bərpası. Digər yarımçıq icra olunmuş maddə isə erməni ordusunun keçmiş Dağlıq Qarabağ ərazisindəki az sayda qalıqlarının çıxarılmasıdır. Bir də Ermənistanla sərhədlərin demilitasiya və demarkasiyası. Bunların həyata keçirilməsi, zənnimcə, Paşinyan üçün o qədər də problem yaratmayacaq".

Tofiq Zülfüqarov eyni zamanda erməni yaraqlıları məsələsinin də asanlıqla həlli oluna biləcəyini söyləyib. Bildirib ki, Azərbaycan Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsində buraxılışın sərtləşdirilməsinə nail olmaqla bu məsələnin həllini tezləşdirə bilər.

Xatırladaq ki, cəmi 9 gündən sonra Ermənistanda keçiriləcək erkən parlament seçkiləri ilə bağlı Azərbaycan ictimaiyyətini bir çox suallar narahat edir. Onlardan biri də Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə 10 Noyabr razılaşmasının həlli yarımçıq qalmış müddəalarının sonadək həyata keçirilməsini təmin edib-edə bilməyəcəyidir.

Teqlər