Dek 04, 2021 12:18 Asia/Baku
  • Qərb təşkilatları Azərbaycan dövlətinin üstünə gəldilər

Avropa Şurası Azərbaycanı toplaşmaq azadlığını təmin etməyə çağırıb, insan haqları təşkilatı isə hakimiyyəti zorakılıqda ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı toplaşmaq azadlığına dair milli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunu təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Komitə qeyd edir ki, Avropa məhkəməsi 30-dan çox işdə icazəsiz dinc nümayişlərin dağıdılması və saxlanmalar,  həmçinin ədalətsiz hökmlər və həbslər zamanı ərizəçilərin toplaşmaq azadlığının çoxsaylı pozulmasını müəyyən edib.

İnsan Haqlarına Nəzarət Təşkilatı Human Rights Watch isə hakimiyyəti dinc etiraz aksiyasını zorakılıqla dağıtmaqda ittiham edib.

Bildirilir ki, Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb.

 

Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların dinc etiraz aksiyaları keçirmək hüququna hörmətsizlik nümayiş etdirib və müxalifətin aksiyasını dağıtmaq üçün zorakılıq tətbiq edib.”

O qeyd edib ki, Azərbaycan hakimiyyəti hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir.

İnsan haqları təşkilatının açıqlamasında deyilir ki, Azərbaycan Bakının mərkəzi ərazilərində etiraz aksiyalarına qadağa qoymaqla ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına hörmət və müdafiə ilə bağlı beynəlxalq öhdəliklərini pozur. Tofiq Yaqubluya qarşı dəhşətli pis rəftar isə həm fərdi, həm də dinc toplaşmaq hüququna qarşı hücumdur.

 

Teqlər