Prezident Administrasiyasının qarşısında
Həlak olan hərbçilərin valideynləri aksiya keçiriblər
Azərbaycan Respublikasında müxtəlif vaxtlarda həlak olan hərbçilərin valideynləri bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Onlar həlak olanlara "şəhid" statusunun verilməsini tələb edirdilər.
SəhərAzəri-nin Turan xəbər agentliyinə istinadla verdiyi məlumata görə, valideynlər bildiriblər ki, bütün instansiyalara müraciət ediblər, amma nəticəsiz qalıb. Etirazçıları Prezident Administrasiyasına söhbətə dəvət ediblər.
"Deyirlər ki, özü- özünü vurub. Ona görə şəhidlik statusu verilmir. Mənim oğlum 1 il, 6 ay Murovdağda xidmət edib, 44 günlük müharibədə iştirak edib, medalla təltif olunub. Tərxisə 6 gün qalmış dedilər ki, özü- özünü vurub", -aksiya iştirakçılarından biri deyib.
Aksiyanın işıqlandırılması zamanı Fatimə Movlamlı və Sevinc Sadiqovun saxlanılaraq polisə aparıldığı bildirilir.
Reportyor Fatimə Mövlamlı bu gün Bakının Səbayel rayon 9-cu polis bölməsində döyüldüyünü bildirir.
"Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar", - o deyib.
Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını "əsassız" adlandırıblar.
Xatırladaq ki, Fatimə Mövlanlı frilanserdir, müxtəlif sayt və KİV ilə əməkdaşlıq edir.