Atəşkəs yenidən pozuldu
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Respublikası ordusunun Gədəbəy, Kəlbəcər və Xocavənddə mövqeləri atəşə tutulub.
SəhərAzəri-nin məlumatına əsasən, iyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər ki, qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan ordusunun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.
Azərbaycanda bir çoxları hesab edir ki, təxribatların arxasında Rusiya dayanır və bu kimi fəaliyyətlərə göz yummaqla hələ uzun müddət bölgədə qalmağı düşünür. Belə ki, ermənilərdə Azərbaycana qarşı etimadsızlığın davam etməsində onlar maraqlı qüvvələr sırasındadırlar.