Sen 10, 2022 11:22 Asia/Baku
  • Hərbi ekspert generalın müdafiəsinə qalxdı

Hərbi ekspert Şair Ramaldanov həbs edilən generalı vətənpərvər zabit kimi tanıdığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, general-mayor Bəkir Orucovun həbsi sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Belə ki, vaxtilə onun əsgəri olan və ya onu tanıyan şəxslər B.Orucovu ləyaqətli, əsgərini sevən zabit kimi təqdim edirlər. Ona görə də generala qarşı irəli sürülən ittihamların şokunu yaşadıqlarını gizlətmirlər.

Bununla bağlı açıqlama verən hərbi ekspert, polkovnik Şair Ramaldanov da bir zabit kimi Bəkir Orucovu yaxşı və vətənpərvər hərbçi kimi tanıdığını deyib.

“Bəkir Orucovu mən də vətənpərvər bir zabit kimi tanıyıram. Onun general rütbəsi daşıması da ona olan inamın, etibarın göstəricisidir. Amma bu məsələ ilə bağlı heç nə demək istəmirəm. Çünki hələ detallar bəlli deyil, istintaq gedir. İstintaqın nəticəsindən asılı olaraq biz qiymətləndirmə apara bilərik”.

Bəkir Orucov “Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

O, Cinayət Məcəlləsinin 341.2.3 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) və digər maddələri üzrə ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. 

Teqlər