Mart 14, 2023 18:59 Asia/Baku
  • NATO-nun keçmiş rəhbəri Azərbaycana qarşı sanksiyalara çağırıb

Ermənistanda səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Rasmussen Azərbaycanın və onun rəhbərliyinin ünvanına ciddi ittihamlarla çıxış edib.

O, Avropa İttifaqını Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Laçın dəhlizini açmaqdan imtina etdiyinə görə Azərbaycana təzyiq göstərməyə çağırıb.

"Avropa İttifaqının Azərbaycanla energetika sahəsində sazişi var və bundan təzyiq amili kimi istifadə oluna bilər. Ola bilsin ki, prezident İlham Əliyev də Putin kimi avtokratdır, amma düşünmürəm ki, Əliyev prezident Putinin düşdüyü vəziyyətdə olmaq istəsin. Mən bir daha Əliyevi Dağlıq Qarabağın blokadasına son qoymağa çağırıram", - o, jurnalistlərlə söhbətində deyib.

Bu gün Rasmussen Qorusa gedib, orada Qarabağdan olan "qaçqınlar"la söhbət edib. Onun sözlərinə görə, "yol açılmasa Qarabağda humanitar fəlakət" ola bilər.

O həmçinin bildirib ki, Ermənistana hökumətin dəvətilə gəlib və Yerevanın Brüsselə yaxınlaşmasına kömək edəcək. Xatırladaq ki, Rasmussen hazırda Rasmussen Global lobbiçilik təşkilatına rəhbərlik edir.

 

 

Teqlər