Fev 08, 2024 12:54 Asia/Baku
  • İlham Əliyevdən növbəti 7 il üçün gözləntilər

Fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb. Gözlənildiyi kimi İlham Əliyev növbəti 7 il üçün Azərbaycan Respublikasının prezidenti seçilib.

7 fevral növbədənkınar prezident seçkilərinin rəqabətsiz keçirilməsinə görə bu seçkilərdə ilk dəfə olaraq saxtakarlıq iddiaları ümumi fikr, eləcə də xarici qurumlar tərəfindən inandırıcı hesab edilməyib. Eyni zamanda rəqib kimi namizədlikləri təsdiq olunmuş şəxslərin iqtidarın pərəstişkarları olduqlarına görə ilk dəfə olaraq seçkilərin nəticələri də namizədlər tərəfindən rəsmən tanınır.

Seçkilərdə İlham Əliyevə azqala siravi vətəndaş səviyyəsində olanların rəqib kimi cəlb edilməsi və onların hamısının da İlham Əliyevi təbliğ etməsinin səbəbəi isə əsas müxalifət partiyalarının seçkilərdə iştirakdan çəkinmələri oldu. Onların seçkiyə qatılmamaq qərarı üçün səsləndirdikləri səbəblərə rəğmən çoxları belə qənaətdədir ki, qərbyönümlü müxalifət partiyaları xalq bazasına malik olmadıqlarını başa düşdüklərinə görə bu seçkilərə qatılmadılar. Həmin düşüncəyə görə qərbyönümlü müxalifət heç də Azərbaycan cəmiyyətindəki müxalifəti ehtiva etmir, geniş kütləni təmsil edəcək siyasi qüvvələrə isə fəaliyyət imkanı verilmir.

Seçkilərin nəticələri bəri başdan bəlli olduğuna görə bəzi dövlət başçıları səsvermə bitən kimi İlham Əliyevi təbrik etməyə başlayıblar. Özbəkistan və Belarus prezidentləri, Macarıstan baş naziri, Türkiyə prezidenti, seçkilərin ilkin nəticələrinin elan edilməsinii də gözləmədilər. Onlar dərhal İlham Əliyevə zəng edərək onu yeni dövr prezidentliyinə görə təbrik ediblər.

Seçkilərin ilkin nəticələrindən sonra da İran İslam Respublikası prezidenti ilə bərabər, Pakistan, İraq və çin rəhbərləri də İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.

İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasının prezidenti vəzifəsindədir. Bu müddətdə onun hökuməti daxildəki gözləntilərin təminində uğursuz qalsa da 30 il müddətində davam edən Qarabağ münaqişəsi və Azərbaycan Respublikası torpaqlarının 20 faizinin işğal altında qalması probleminə son qoymağı bacardığına görə 2020-ci il müharibəsindən sonra onun xalq bazası gücləndi. Ancaq bəzilərinə görə İlham Əliyev korrupsiya və monopoliyaya, məmurların özbaşınalığına, ədalətsiz məhkəməyə, xalqın rifahının təmin olunması və yoxsulluqla mübarizəyə gözə çarpacaq töhvə verə bilmədiyinə eləcə də siyasi zəmində açılış yarada bilmədiyinə və ümumiyyətlə daxili siyasətində uğurlu addımlarının olmadığına görə onun müharibədəki qələbədən irəli gələn imici zaman keçdikcə zəifləyə və tamamiylə itirilə bilər.

 İlham Əliyev ötən milad ilinin sonlarında prezidentliyinin 20 illiyinin sona çatdığına və prezidentliyi üçün yeni dövrün başlanması naminə növbədənkənar prezident seçkilərinin keçiriliməsinə qərar verdi. Onun 20 ildən sonrakı prezidentliyinə yeni dövr adı verməsi Azərbaycan ictimaiyyətində belə bir gözlənti yaradır ki, yeni dövr qonşularla dinc münasibətlərin möhkəmlənməsi, geniş əməkdaşlıqların reallaşması ilə parallel olaraq artıq xalqın saysız-hesabsız problemlərinin həllinə yönəlməlidir.  

Dünənki seçkilərin nəticələrinə görə İlham Əliyev 2031-ci ilədək Azərbaycan Respublikasının prezidenti kürsüsündə öz fəaliyyətini davam etdirəcək.     

 

 

Teqlər