İyun 27, 2024 17:18 Asia/Baku
  • Qriqoryan: Rusiya Qarabağı aldı, Azərbaycana verdi və getdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham edib.

Qriqoryan bildirib ki, Rusiyanın icazəsi olmadan 2020-ci ildə 44 günlük müharibə baş verməzdi.

O, jurnalistlərlə brifinqdə deyib: “Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra getdi, bütün reallıq budur. Mən iddia edirəm ki, Dağlıq Qarabağı Rusiya tutub. Rusiyanın icazəsi olmadan müharibə olmazdı”.

Qriqoryan vurğulayıb ki, Ermənistanın Rusiyadan asılılığı müharibəyə gətirib çıxarıb.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan rəsmisinin iddiasına cavab olaraq "RİA Novosti"yə bildirib ki, Qriqoryanın həmin bəyanatı doğru deyil: “Erməni siyasi xadimlərinin, o cümlədən ali rəhbərliyin yazı və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları artıq orada var”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham etməsinə Bakıdan da cavab verilib.

Azərbaycan prezidentinin köməkçisi, Hikmət Hacıyev deyib ki, bu açıqlama əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil.

Azərtacın xəbərinə görə, Hikmət Hacıyev vurğulayıb ki, “Azərbaycan ordusu döyüş meydanında öz sözünü deyərək, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və kapitulyasiya aktını imzalamağa məcbur edib”.

Hacıyev deyib ki, bu açıqlama əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. Bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür.