İyul 01, 2024 12:58 Asia/Baku
  • Azərbaycan Respublikasında  Qadınların pensiya yaşı artırılıb

İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılaraq 64 il olacaq. İndiyədək qadınların pensiya yaşı 63 il 6 ay idi.

Qeyd edək ki, əvvəllər kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 ildir və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 ilə çatdırılacaq.

İqtisadçı ekspert Natiq Cəfərli vaxtı ilə “Yeni Müsavat”a müsahibəsində Azərbaycanda pensiya yaşının nəinki artırılması hətta azaldılmasını vacib hesab etmişdi.  Ekspertə görə, pensiya üçün 65 yaş bir çox ölkələrdə tətbiq olunur, amma Azərbaycanda tətbiq olunması müəyyən problemlər yaradır.

 “ 65 yaş tətbiq olunan ölkələrdə ortaömürlülük bizdən daha yüksəkdir. Bundan başqa, həmin ölkələrdə demoqrafik vəziyyət çox çətin və ağırdır. 65 yaşı o ölkələrdə tətbiq edirlər ki, orada gənc kadr çatışmazlığı var, ona görə də iş yerlərini və mütəxəssislərini itirməmək üçün pensiya yaşını 65 yaşa qaldırdılar”,- Natiq Cəfərli deyib.

Onun sözlərinə görə Azərbaycanda belə bir problem yoxdur. Yəni Azərbaycanda daha gənc, dinamik toplum var.

“Bu səbəbdən bizdə təqaüd yaşının 65 yaşa qaldırılması doğru qərar deyildi və bu gün onun fəsadlarını yaşayırıq. Bəli, ölkədə orta ömür aşağıdır, kişilərin ölüm yaşı daha aşağıdır. Bu da ciddi fəsadlara, problemlərə səbəb olur",- Natiq Cəfərli deyib.

Statistik məlumatlara görə Azərbaycan Respublikası əhalisinin yalnız 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir.

 

Teqlər