İyul 01, 2024 16:03 Asia/Baku
  •  Azərbaycan Respublikasında  Enerji və sərnişindaşıma qiymətləri artırılıb

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.Bu barədə Tarif Şurasının Katibliyi məlumat yayıb.

Məlumatda deyilir ki, dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb.

Tarif Şurası elə qənaətdədir ki, qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək.

Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası tərəfindən isə metroda və şəhərdaxili və rayondaxili avtobys  marşrutlarında sərnişindaşıma xərcləri artırılıb.

Metroda gediş haqqı 0,1 AZN artırılaraq  0,5 AZN olub.

Həmçinin müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 0,5 manat müəyyən edilib.Əvvəllər bu xidmətlər üzrə gediş haqqı 0,4 AZN təşkil edirdi.

Bakı-Sumqayıt marşrutu üzrə avtobuslarda birtərəfli daşıma tarifləri də 0,1 AZN artaraq 0,7 AZN olub.

Şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma tarifinin yuxarı həddi 1 km üçün 0,37 AZN təşkil edəcək.

 

 

Teqlər