Fazil Qasımov: Azərbaycandakı durum 1930-cu illərdən daha vahiməlidir
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
70 gündür aclıq edən Fazil Qasımov "qanunsuz həbsinə" etiraz edir.
"Mən Sizin və komandanızın Azərbaycan xalqını qaranlıq orta əsrlərə deyil, aydınlıq gələcəyə, müasir sivilizasiyalara doğru aparmağınızı arzu edir, bir-birimizə qisasçılıq duyğuları ilə deyil, insanpərvərlik prinsipləri ilə yanaşmağın və səylərimizi birləşdirməyin Azərbaycana fayda gətirəcəyinə inanıram.
Sənəddə deyilir ki, BMT, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY-un üzvü olan bir ölkədə, İslam dünyasının mədəniyyət paytaxtında ən qədim, ən mötəbər elm ocaqlarından birinin doktorantı, UN GSP məzunu, Azərbaycanın qeyri-maddi mədəni irs üzrə ilk UNESCO kafedransının qurucusu şərlənərək həbs edildiyinə görə 70 gündür acdır.
" Mən bir elm adamı olaraq vətənim Azərbaycanda gündən-günə geniş vüsət alan cəhalətdən, mənəvi deqradasiyadan, avtoritar, kriminal təfəkkürdən, anti-demokratik qaydalardan, insan hüquqları pozuntularından, siyasi repressiyalardan narahatam. Azərbaycanın polis idarələrində və Pentensiar Xidmətin Müəssisələrində sübutların saxtalaşdırılması məqsədilə təqsirləndirilən şəxslərin çayına, yeməyinə psixotrop maddələr qatılması, ailəsi ilə, cinsi istismarla, zorakılıqla hədələnməsi, ağır işgəncələrə məruz qalması dəhşət vericidir və dövlət içindəki mafioz qruplar tərəfindən vətəndaşalara sistemli formada aparılan siyasi repressiyalar mənəvi terrordur", deyə o, müraciətində qeyd edir.
Fazil Qasımov müraciətində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), Penitensiar Xidmətin istintaq təcrdixanasında çoxsaylı işgəncələrə məruz qaldığını bildirir.
" Bunları yazaraq əvvəla istəyirəm ki, sizi ölkəmizin hüquq-mühafizə, ədliyyə sistemində vəziyyətin kritikliyindən xəbərdar edim. Həm də istəyirəm ki, bu qeydlərim tarixdə qalsın", deyə İstanbul Universitetinin doktorantı Azərbaycan Prezidentinə müraciətində qeyd edir.
"Şərlənərək həbs edilmiş azərbaycanlı elm adamının iradəsinə zidd davranmağa məcbur etmək üçün, türmə rəisi tərəfindən dustaqların cinsi istismarına məruz qoyulmaqla hədələnməsi 1930-cü illərdə Sovet Azərbaycanında intellektual soydaşlarımıza qarşı NKVD tərəfindən aparılmış repressiyalardan daha vahiməlidir. Çünki mənəvi terror güllələnməkdən, sürgündən daha betərdir", deyə o, qeyd edib.