Parlament seçkiləri nəyi dəyişəcək?
Azərbaycanda bu gün “sükut günü”dür – AKTUAL
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar avqustun 31-i Azərbaycan Respublikasında “sükut günü”dür.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış onu dayandırmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılmışdı.
İyunun 28-də Azərbaycan prezidenti Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında sərəncam verib. Azərbaycan Respublikasının əsas müxalifət partiyalarından biri olan Xalq Cəbhəsi Partiyası bu qərarı tənqid edərək bildirib ki, ölkədə azad rəqabətə yer yoxdur.
Müsavat və Real partiyaları isə seçkilərə qatılıblar.
Azərbaycan Respublikasında sonuncu parlament seçkiləri növbədənkənar olub və 2020-ci ilin fevralında keçirilib. Ötən ilin fevralında keçirilən bu ölkədə prezident seçkiləri də vaxtından əvvəl olub.
2015-ci ildən Xalq Cəbhəsi partiyası ardıcıl olaraq seçkilərə getmir. Bu dəfə də bu partiya seçkini boykot edib və seçkidə iştirak etməyəcəyini bəyan edib.
Partiya sədri Əli Kərimli vurğulayıb ki, ölkədə 300-dən çox siyasi məhbusun hələ də azad edilmədiyi, toplaşmaq azadlığının təmin olunmadığı, seçki komissiyalarının tam nəzarətdə olduğu, səsvermə prosesinin və səslərin hesablanmasının şəffaf olmadığı, azad mətbuatın məhv edildiyi üçün növbədənkənar parlament seçkilərini boykot edir.
İttihamlara cavab olaraq, Azərbaycan Respublikası hökuməti bu ölkədə siyasi məhbus olmadığını, seçkilərin qanuna uyğun və ədalətli keçirildiyini bildirir.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyi hələ də müəmma olaraq qalmaqdadır, lakin bəzi ehtimallara görə bu, hakimiyyətin Milli Məclisi yeni reallıqlarla uyğunlaşdırmaq istəyindən irəli gəlib. Belə ki, məclisi potensial problemli fiqurlardan, o cümlədən də Ramiz Mehdiyevin adamlarından təmizləməyin vaxtı gəlib çatmışdır. Ona görə də yeni parlamentin nəyisə dəyişəcəyini gözləmək sadəlövhlük olardı.