Yanğın problemi yenidən gündəmə gəlir
Azərbaycanda yanğın riskini azaltmaq mümkündür
Bakıdakı Neft Emalı Zavodunun ərazisində baş verən son yanğın hadisəsi Azərbaycan Respublikasında yanğın problemini gündəmə gətirmişdir.
Martın 5-də Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Məlumat üçün bildirək ki, yanğınlar yalnız istehsal müəssisələrində baş vermir, bazar və yaşayış məntəqələrində də tez-tez belə hallara rast gəlinir. Və buna görə də şəhər rəhbərliyi səriştəsizlikdə ittiham olunur. Bildirilir ki, paytaxtda yanğın hallarının qarşını almaq üçün əsaslı planlar işlənib hazırlanmamışdır.
Müşahidələrə görə, sıx məskunlaşma, köhnə binalar, elektrik və qaz xətlərinin köhnəliyi yanğın riskini artırır. Həmçinin köhnə və ya qeyri-qanuni tikililərdə yanğın təhlükəsizliyi standartlarına əməl edilməməsi də problem yaradır.
Bəzi hallarda isə yanğınla mübarizə sistemlərinin zəif olması və ya vaxtında müdaxilənin təşkil edilməməsi yanğınların geniş yayılmasına gətirib çıxarır. Bu səbəbdən dövlətin yanğın təhlükəsizliyi ilə bağlı investisiyalarını artırması, qabaqcıl texnologiyaların tətbiqi, ictimai şüurun artırılması və dövlət səviyyəsində effektiv tədbirlərin görülməsi vacibdir.
Maraqlıdır ki, hökumətyönlü Yeni Müsavat qəzeti hökumətin bu vacib məsələdə məsuliyyətini azaltmaq üçün təzə bir üsul tapıb.
Qəzet həmin yanğın barədə dərc etdiyi məqalədə yazır: “Hesablamalarımız göstərir ki, Neft Emalı Zavodunda baş verən yanğın təsadüfi olmayıb, Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıq mesajıdır”.
Beləliklə də Yeni Müsavat Bakı Şəhər İcra Hakimiyyətinə və digər dövlət qurumlarına bəraət qazandırmaq istəyib. Ancaq təbii ki, məsələni bu şəkildə ört-basdır etmək olmaz.