Azərbaycanda daha bir siyasi fəala hökm oxundu
Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi
Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə son məhkəmə iclası keçirilib. İclasda siyasətçiyə 9 il hökm oxunub.
T.Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən 25 min avro və 10 min manat alaraq onu aldatmaqda, ona saxta sənəd hazırlayıb verməkdə suçlanır. Hakim bu ittihamla siyasi fəalı Cinayət Məcəlləsinin “dələduzluq etmə və rəsmi sənədləri saxtalaşdırma” maddələri ilə 9 il müddətinə azadlıqdan azadlıqdan məhrum edib.
Qarabağ müharibəsinin iştirakçısı Tofiq Yaqublu ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu deyir. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bu siyahıda 235 nəfərlə dindarlar birinci yeri tutur.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Bu iddianı əlbəttə ki, ölkə ictimaiyyəti qəbul etmir. Çünki irəli sürülən ittihamlar klişedir və hər kəs onların düzgünlüyünə şübhə ilə yanaşır, qulağı bu ittihamlara öyrəşib. Müstəqil jurnalistlər və ictimai fəallar adətən qaçaqmalçı, müxalifətdə olan siyasi fəallar dələduz və xuliqan, şiə dindarlar isə ya narkotik qaçaqmalçısı ya da İran casusu kimi təqdim olunur.